«Yaradan uşaqlar» layihəsi

"Yaradan uşaqlar" xeyriyyə layihəsinin yaratmaq ideyasını həyatın özündən götürmüşük — onun həqiqətləri və hər bir uşağın yaradıcılıq qabiliyyətinə olan inamından. Elə bir məqam gəldi ki, vacib olan amillərdən və mənəviyyatdan yalnız danışmaq kifayət olmadığını hiss edərək “YARADAN” komandası sevgi, inam və səbr toplayaraq layihəni reallaşdırmağa başlamaq qərarına gəldi.

Bizim əsas fəaliyyətimiz məhdud fiziki imkanları olan, aztəminatlı ailələrdən, sığınacaqda və internatda yaşayan 12-16 yaş arasındakı uşaqların bacarıqlarının inkişafı və həyata keçirilməsi üçün şərait yaratmağa və onlara cəmiyyətə uyğunlaşmağa kömək etməyə yönəldilib.

Məqsədimiz uşaqları psixooji travmadan azad etmək, özlərinə, bizə və sevgiyə inamlarını artırmaq, onların yaradıcı gücünü inkişaf etdirmək və cəmiyyətin mühüm bir tərkib hissəsi olduqlarını hiss etdirmək, insanları bir araya gətirən əhəmiyyəti anlamaq, qabiliyyəti inkişaf və tətbiq etməkdən ibarətdir.

Layihəyə 2018-ci il yanvar ayında start verilib, uşaqlarla ilk görüşümüz martın 3-də olub və dərslər başlayıb. Ümumi dərslər həftədə iki dəfə keçirilir. İlin yekunu olaraq 2019-cu ilin mart ayında "Yaradan uşaqlar"ın birgə işlərindən ibarət tədbir keçiriləcək. Bu tədbirə rəsm əsərləri sərgisi, film, fotoqrafiya, kitab, oyun, musiqi və s. daxildir. Bütün iştirakçılar – həm böyüklər, həm uşaqlar bir mövzu üzrə (“İz”) öz işlərini təqdim edəcəklər. Layihənin şüarı: "Yaradım ki, izim qala"dır.


Layihədə 12 uşaq iştirak edir. Böyük iştirakçılar üç qrupa bölünür: yaradıcı (rəssam, musiqiçi, yazıçı, fotoqraf, rejissor, rəqqas, qida üzrə ustad), pedaqoji (müəllim—psixoloqlar) və təşkilati və ya inzibati. Böyüklərdən ibarət qrupların tərkibi artıq formalaşdığına baxmayaraq bu layihəyə qatılmaq istəyənlər hələ də var. Bu halda, biz onların iştirakı ehtimalı, imkanları və iştirak forması üzərində birgə düşünərək razılaşıb, ən uyğun variant tapırıq. Layihədə iştirak edənlərin hamısı könüllülərdir. Bütün layihə iştirakçılarını mənəvi dəyərlər üstünlüyü ideyası, xeyirxahlığa, gözəlliyə, həyata və insanlara olan sevgi birləşdirir.

Subscribe